Motivasiya Məktubu / Dizaynerin Özünə Qarşı Dürüst Olması
Yaşam Döngüsü

Motivasiya Məktubu – Alfa İşıqları

Motivasiya Məktubu – Özünə Dürüst Olmaq
Bəsit və sadə sözlərdən zamanla daha mükəmməl fikirlər qurmaq olar. İnsan xəyal etdiyi şeyləri qorxmayıb vaxtında hərəkətə çevirsə, əslində görəcəkdir ki, xəyal etdiyi elə də qorxulu deyilmiş. Yəni ki, necə edildiyi deyil hansı zamanda etdiyinizdir. Deyilən yerdə vaxtında olmaq kimidir bütün məsələ.
Dizaynerlikdə ən böyük rəqibin başqaları deyil. Ya da gələcəyin də deyil. Ən böyük rəqibin güzgüdəki insan və dünənindir. Sən dünəninlə və özünlə savaşa girməlisən. Qara mamba fəlsəfəsinə görə çevik və əsnək olmağı bacarmalısan. Hər bir problemdən əsnək sürünərək keçməyi düşünməlisən. Bütün zərbələrə qarşı hazırlıqlı olmalısan. Dünənindən daha yaxşı nəticə göstərmək üçün xəyal etmək lazımdır. Növbəti hərəkətin nədən ibarət olacağını öncədən düşünmək çox vacibdir.
Motivasiya Məktubu – Kəpənək
Dizayner olmaq üçün bir kəpənəyə dönüşməyi bacarmalısan. Öncə baramanın içinə girib orda özünü inkişaf etdirib bir müddət sonra gözəl görsənəcək şəkildə bir sənət əsərinə dönüşə biləcəyin anda baramadan çıxmalısan. Bax onda başqalarına sənət əsərini göstərə biləcəksən. Yəni ki, ilkin olaraq özünü bir sənət əsərinə çevirib sonra başqalarına yaradıcılığını göstərməlisən.

Hansısa bir anda özünü konfortlu hiss etsən o zaman qaçmağa başla ordan. Mücadilə edə biləcəyin bir şəraitlər yarat özünə. Və mücadilə etmək üçün darıxmağa çalış. İnsan bir şeylər üçün darıxan anda onu daha çox əldə etməyə çalışır. Mücadilə üçün darıxsan özünü onun içərisinə daha çox salacaqsan. Konfort zonadan uzaqlaşmaq əzablı günlər keçirmək səni daha çox inkişaf etdirəcək. Məcnun Leylanı sevməsəydi dağları gözündə kiçildə bilməzdi. Kafka Milenaya aşiq olmasaydı uzaq məsafələri qısa qəbul etməzdi. Bir dizayner olmaq üçün öncə o sahəni sevmək lazımdır ki, o sənin gözünə dağ kimi böyük ya da uzaq məsafə kimi görsənməsin.

Motivasiya Məktubu – Təsadüf Yoxdur
İnsanlarla təsadüfü tanış olmuruq. Necə ki, bir sahəni özümüzə seçməyimiz də təsadüfü deyil. Hər şey bir-birinə bağlıdır. Əgər bu sahəni seçmisənsə deməli özəl birinə çevriləcəksən. Gələcəyi bir insan kimi düşün. Sanki o hardasa bir evdə yanğına məruz qalıb. Və sənin önəmli bir parçandır belə təsvir et. Sən onu qurtarmasan o yanıb kül olacaq. Bu isə o deməkdir ki, bir parçan yansa kül olsa digər parçaların da zamanla yanıb məhv olacaq və səndən əsər əlamət qalmayacaq. İnsanın iki seçimi var. Üçüncü seçimlər hər zaman bir bəhanələrdir. Əgər sən o bir parça gələcəyini qurtarmasan bütün evin yanmasına göz yumacaqsan. Onu qurtarmaq üçün nələri gözə alardın nələr edərdin bunu təsvir et. Bir şeyləri öyrənmək də buna bənzəyir. Ya öyrənib qurtaracaqsan özünü ya da ki, bu gün öyrənmədiyin bir şeylər üçün ömür boyu bir bədəl ödəyəcəksən. Bir dəfə bədəl ödəmək illərcə bədəl ödəməkdən yaxşıdır.
Biraz qan axıt. Yaralı barmaqda qan olmasa o yara sağalmayacaq. Dizaynerlikdə səhvlər edib özünü yaralamasan o düzəlməyəcək. Mən sənə inanıram amma mənim inanmağım yetməyəcək. Öz inancın da özünə bəs etməyəcək. Çünki bir şeylər sənin üçün yetsə o zaman rahatlaşacaqsan. Bu şəraiti özünə yaratma. Özünə qarşı inanma sadəcə dürüst ol. İnanmaq bir gün onu inkar edə biləcəyin də anlamına gələ bilər. Amma özünə dürüst olsan daha çox suallar və cavabları axtarmaq üzrə peşəkarlaşacaqsan və özünü hər dəfə bağışlamayanda daha çox çalışacaqsan. O ki, özünə inansan o zaman arxayn olub özünü öyrətməkdən uzaqlaşacaqsan. Lakin dürüstlük özünə acımayıb da hər səhvini öz üzərinə götürmək olacaqdır. Əsil cəsarət inancdan yox dürüstlükdən qaynaqlanır. Çünki öyrəndiklərin o zaman sənə yetməyəcək. Və bu yetməmək sevdası səni daha da püxtələşdirəcək.

Yaşantında elə şeylər qur ki, hər bir günüvü yeni bir günmüş kimi başlamağa həyəcanın olsun. Bəzən bir şeyləri yarımçıq qoy ki, növbəti yeni gündə həyəcanlı şəkildə onu davam edə biləsən. Tamamlanma. Hər günün yarımçıq olsun. Çünki yarımçıq qalan hər şeyin yenidən bir həyəcanı olur. Əgər tamamlasan bu vərdiş halına gələcək. Vərdişlik isə sevgini öldürür. İlkindəki kimi, həyəcanı qorumur. İnsan necə ki, birisi üçün darıxarkən həyəcan yaşayır. Eləcə də bir işin üçün darıxmaq şəraiti yarat. Çünki o zaman ona doğru çılpaq ayaqlarla gedə biləcəksən. Bu isə bir şeyləri yarımçıq qoyaraq mümkündür. Əlindəkinə sahiblənməyə çalışma. Sahiblənilən hər şey əlinin içində ölə bilir. Çünki insan əlinin temperaturu yüksəkdir. İşinə sahiblənmə və onun ağası olma. Ağalıq onu boğmağa bənzəyir. Hər zaman yaradıcılığıvın qəfəsi açıq olmalıdır. Yoxsa o bir quş kimi, dünyaya alışa bilməyəcək.

Əgər bu məktubu oxuyursansa deməli dəyərlisən. Əgər dəyərli hesab edilirsənsə deməli bir şeyləri bacarmısan və özəlsən. Buracan gəlmisənsə deməli cəsarətlisən və dürüstsən. Səbrinə heyranam. Sən sənətkara dönüşməyə layiqsən.

Təşəkkürlər! Yaxşı ki varsan.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button